QR Code bir çox insan tərəfindən istifadə edilən və gündəlik həyatı asanlaşdıran texnologiyalardan biridir. Mobil telefonun kamerası tərəfindən oxunan kod təyin olunduğu məhsul haqqında məlumat verir. Bəs QR kodu nədir və necə istifadə olunur?
FED.az QR kodu haqqında bəzi maraqlı məlumatları sizə təqdim edir.
QR kodu sözü ingiliscə Quick Response (tez cavab) sözlərinin baş hərflərindən götürülüb. Mobil cihazların kameralarından oxuna bilən xüsusi bir matriks barkod (və ya iki ölçülü barkod) tipidir. 1994-cü ildə onu tətbiq edən Yaponiyanın Denso şirkəti tərəfindən patentləşdirilib.
Kod adətən bir kvadrat ağ fon üzərində qara motivlərdən ibarətdir. Avtomobil sənayesində istifadə üçün hazırlanan QR Kod Yaponiya və Cənubi Koreyada geniş istifadə olunur. Bu gün rəqəmsal kameralı mobil telefonlarının təsiri ilə QR kodlarının istifadəsi geniş yayılıb. Qeydə alınan görüntünü deşifrə edilməklə barkod məzmunu istifadəçini internet ünvana, e-poçt ünvana, telefon nömrəsi, əlaqə məlumatları, SMS və ya MMS, həmçinin geolokasiya məlumatlarına yönləndirə bilər. Bazarda bir çox QR Code yaradan və oxuyan cihaz var. (TED)