FHN Bakıda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib.
FED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri qırılıb və “Toyota” markalı minik avtomobilinin üzərinə daşlar tökülərək avtomobili yararsız vəziyyətə salıb. Hadisə zamanı 1 nəfər vətəndaş yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
XXX
Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.
Həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.
Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib.
Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.
Hadisənin təfərrüatı araşdırılır.