ABŞ və Almaniya, Rusiyadan Avropaya “Şimal axını 2” (Nord Stream 2) boru kəməri layihəsinin tamamlanmasına icazə verən bir müqavilə imzalayıblar.
FED.az xəbər verir ki, Almaniya kansleri Angela Merkelin ABŞ səfəri zamanı imzalanan razılaşma ilə bərabər, ABŞ və Almaniya, Rusiyanın “Şimal Axın 2” boru kəmərini siyasi silah olaraq istifadə edəcəyi halda bu cəhdə qarşı çıxacaqlarını bəyan ediblər.
"ABŞ və Almaniya, sanksiyalar və digər yollarla Rusiyanın təcavüz və zərərli fəaliyyətlərinə cavab vermək əzmindədirlər" - ABŞ və Almaniyanın ortaq açıqlamasında bildirilir.
Ümumi dəyərinin 10 milyard avro civarında olacağı gözlənilən "Nord Stream 2" layihəsi ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır.
ABŞ, Ukrayna, Polşa və Baltikyanı ölkələrin tikintisinə qarşı çıxdıqları layihənin tərəfdaşları arasında Shell, OMV, Engie, Uniper və Wintershall kimi şirkətlər və layihə sahibi Gazprom da yer alır.
Layihəyə qarşı çıxan ölkələr, “Nord Stream 2”nin Avropa ölkələrinin Rusiyadan asılılığını artırmağa çalışdığını iddia edirlər.
Rusiya şirkəti Gazprom 1 aprel tarixində yaydığı məlumatda, “Şimal Axını 2” Təbii Qaz Boru Kəməri Layihəsinin 95%-ni təşkil edən 2339 kilometr hissəsinin çəkilməsinin tamamladığı bildirilib.
ABŞ rəhbərliyi may ayında “Nord Stream 2” boru kəməri layihəsini inşa edən Almaniya şirkəti "Nord Stream 2 AG"nin və şirkətin icraçı direktoru Mathias Warnigin layihəyə tətbiq olunan sanksiyalardan azad edildiyini elan edib.(marja)