Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində rəsmi məlumata görə 155 müxtəlif faydalı qazıntı yatağı var. Aralarında 5 qızıl, 6 civə, 2 mis yatağı olan həmin yataqlardan 12-si zəngin filiz yatağı olaraq təsnif edilir. Məlum olduğu kimi, işğal dövrü boyu ermənilər həmin yataqları talan edərək hasil etdikləri sərvətləri ixrac etməklə öz büdcələrinə külli miqdarda vəsait daxil ediblər. Həmin yataqların istismarına cəlb edilmiş “Sterlite Gold Ltd”, “Sirkap Armenian”, “Base Metals”, “Manex and Valex”, “Armenian Copper Programme” kimi onlarla şirkətin əksəriyyəti xarici erməni diasporu tərəfindən buraya yönləndirilib, yaxud əcnəbi ermənilər tərəfindən idarə olunur.
Eləcə də bax: Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – HƏR İL 80 MİLYON DOLLAR QAZANIRLAR
Kəlbəcər rayonunun Ermənistanla sərhədində yerləşən və hazırda fəaliyyətini dayandırmış Söyüdlü (Zod) qızıl yatağı 1976-cı ildən istismar olunub və Ermənistan tərəfindən işğal edilənədək burada 27 tondan artıq qızıl hasil olunmuşdu. Sonrakı dövrdə ermənilər həm sənaye ehtiyatı 112,5 ton həcmində dəyərləndirilən Söyüdlü yatağını, həm də 13 tondan artıq ehtiyata malik olduğu düşünülən Ağduzdağ və Tutxun yataqlarını dədə malı kimi istismar ediblər. 2007-ci ildən Söyüdlü (Zod) yatağının idarəçiliyi “GeoProMining Gold Company”yə (GPM) verilib. Şirkətin saytındakı məlumata görə bu qurum Ermənistan və Rusiyada üç aktivi olan beynəlxalq şaxələndirilmiş metal hasilatı holdinqidir. O cümlədən Ermənistandakı aktivləri Sotk (Zod) kəndindəki “GPM Gold” hasilat müəssisəsi və Əgərək mis-molibden kombinatıdır. Zod mədənindən 2018-ci ildə 130 min ons qızıl hasil olunduğu bildirilir. Hesablamalara görə həmin yataq 18 il ərzində tükənəcək.
GPM-dən əvvəl Söyüdlü yatağını istismar etmiş Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti 1998-ci ildə Ermənistanın “Ararat Gold Recovery Company” (AGRC) dövlət şirkətində 50 faizlik pay sahibi olaraq qurumun tam hüquqlu mülkiyyətçisinə çevrilib.
Hələ 2007-ci ildə GPM baş direktoru Vladimir Kozlov Ermənistan iqtisadiyyatına 100 milyon ABŞ dollara yaxın sərmayə yatıracaqlarını bildirmişdi. Digər tərəfdən Azərbaycan hökuməti hələ 1997-ci ilin 21 avqust tarixində “RV İnvestment Group Services LLS” (51 faizi Azərbaycan, 49 faizi ABŞ kapitalı) şirkətilə işğal altındakı Zəngilan və Kəlbəcər rayonları ərazisində yerləşən Söyüdlü, Qızılbulaq, Vejnəli yataqlarını da əhatə edən qızıl hasilatı müqaviləsi imzalamışdı. O vaxtdan “RV İnvestment” “GPM Gold” şirkətini adıçəkilən ərazidə keçirdikləri hasilat fəaliyyətlərinin beynəlxalq hüquqi məsuliyyət yaradacağı barədə dəfələrlə xəbərdar etmiş, vəkillər vasitəsilə Ermənistan hökumətinə, ABŞ, Kanada, Böyük Britaniya qurumlarına, BMT-yə müraciət edərək işğal altındakı yataqda hasilatın dayandırılmasını tələb etmişdi. Bütün bu müraciətlər cavabsız qalıb. Cari ilin 27 sentyabr tarixindən isə “GPM” rəhbəri Ruzan Qriqoryanın dediyinə görə “ərazinin atəşə tutulması təhlükəsi sovuşanadək” həm yataqda, həm də müəssisədə işlər dayandırılıb. Lakin göründüyü kimi, işğal olunmuş o biri ərazilər kimi həmin yerlər də tezliklə Azərbaycanın nəzarətinə qayıdacaq. Odur ki, “GPM”-nin bir daha Söyüdlünü istismar edə biləcəyi yumşaq desək şübhəlidir.
Qeyd edək ki, bəzi məlumatlara görə hazırda işğal olunmuş Ağdərə yaxınlığındakı Qızılbulaq yatağında sənaye ehtiyatı 13,6 ton qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatı 37,3 milyon milyon ton qurğuşun və 40,4 milyon ton sink, Dəmirli yatağında sənaye ehtiyatları 100 milyon ton mis, Canyataq – Gülyataqda isə sənaye ehtiyatları 5 ton qızıl var. Bununla yanaşı məcmu ehtiyatları 850 ton olan Ağyataq, Lövçay, Çorbulaq civə yataqları, 200 tonluq ehtiyata malik Qamışlı və Ağqaya yataqları, 10.941 kubmetrlik ehtiyata malik Kilsəli tuf yatağı barədə də məlumatlar var.
İndiyədək Ermənistan tərəfi bütün bu yataqları çox arxayın şəklində talan edərək bunun qanunsuz olduğuna dair Azərbaycanın xəbərdarlıqlarını qulağardına vururdu. İndi isə həmin yataqları istismar edən şirkətlər külli miqdarda zərərlə üzləşərək çarəsiz vəziyyətdədir. Üstəlik Azərbaycan hökuməti həmin şirkətlərə qarşı beynəlxalq məhkəmələrdə iqtisadi və ekoloji ziyana görə təzminat barədə iddia qaldırmaq üçün hər cür əsasa malikdir. Belə ki, həmin yataqların işğaldan əvvəl də, sonrakı dövrlərdə də vəziyyətinə, o cümlədən orada aparılan işlərə dair tutarlı materiallar hökumətin əlindədir. Yataqların istismarından əldə edilən gəlir Ermənistan hökumətinin cibinə getdiyi üçün təbii ki, məhz onlar da təzminatı ödəməli olacaq.
Eyni zamanda, işgüzar əxlaq qaydalarını pozaraq işğal olunmuş ərazilərin təbii sərvətlərinin talanmasında iştirak etməyi rəva görənlər üçün də bu məsələ ibrət dərsi olmalıdır.
Qulu Nuriyev, ekspert
(Report)