Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.
Bunu FED.az-a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
T.Abdullayevin sözlərinə görə, ötən ay 2,14 milyard kVt/s elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVt/s və ya 10,5% çoxdur.
Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVt/s elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVt/s elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVt/s və ya 2 dəfədən çox artım deməkdir.
Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVt/s elektrik enerjisinin 158,8 milyon kVt/s Gürcüstana ötürülüb.
Report.az