Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb, E.Mnanqaqvanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Bu gün, yanvarin 19-da onun preziden İlham Əliyevlə görüşü və danışıqları planlaşdırılır.
Zimbabve prezidentinin Bakı səfərində müzakirə edəcəyi əsas məsələlər kənd təsərrüfatı və neft-qaz sahələrində ikitərəfli əməkdaşlığın inkişafı olacaq. Səfər ərəfəsində açıqlama verən E.Mnanqaqva Azərbaycanın lideri İlham Əliyevlə Bakıda keçiriləcək danışıqların məhsuldar olacağını bildirib.
O vurğulayıb: “Mən cənab İlham Əliyevlə görüşümü səbirsizliklə gözləyirəm. Danışıqların məhsuldar olacağını hesab edirəm”. Zimbabve Prezidenti Emmerson Mnanqaqva əlavə edib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə kənd təsərrüfatı və neft-qaz sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək.
E.Mnanqaqva Azərbaycan haqqında çoxlu məlumata malik olduğunu da diqqətə çatdırıb. “Bu ölkənin zəngin tarixi, mədəniyyəti var, iqtisadiyyatı sürətlə inkişaf edir. Ona görə bizim ölkəmiz Bakı ilə əməkdaşlıqda çox maraqlıdır. Ümidvaram ki, bu sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq imkanları həyata keçiriləcək”, -deyə Zimbabve Prezidenti vurğulayıb.
Zimbabvenin dövlət başçısı daha sonra qeyd edib: “Zimbabve Azərbaycanla əməkdaşlığın inkişafında çox maraqlıdır və biz bu istiqamətdə mühüm addımlar atırıq. Belə ki, bu gün ölkələrimiz neft-qaz sahəsində və kənd təsərrüfatında qarşılıqlı anlaşma haqqında memorandumun üzərində iş aparırlar”. E.Mnanqaqva onu da bildirib ki, bu sənəd yaxın vaxtlarda imzalanacaq.
Qeyd edək ki, hazırda Azərbaycanla Zimbabve arasında iqtisadi əlaqələr olduqca aşağıdır. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2018-ci ildə Azərbaycandan Zimbabyevə ixrac olmayıb, əvəzində oradan ölkəmizə 774,7 min dollarlıq idxal olub. 2017-ci ildə isə idxal 470 min dollar təşkil edib.