Bu gün, mayın 28-də Azərbaycanda milli bayram Müstəqillik Günü qeyd olunur.
Müstəqillik günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı.
Həmin gün 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul edilib və Azərbaycanın müstəqilliyi elan edilib.
İstiqlal Bəyannaməsində deyilirdi:
“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;
Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;
Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;
Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;
Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;
Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.
İlk hökumətin tərkibi belə idi:
Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.
Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü.
AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan Yalnız 1918-ci il sentyabrın 15-də AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edildikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.
1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.
Bakıya noyabrın 17-də ingilis generalı Tomson başda olmaqla müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və Baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.
Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında Qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. On bir fraksiyanın fəaliyyət göstərdiyi parlamentdə yerlər bölüşdürülmüşdü - türk-müsəlman əhali 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1, gürcülər 1, polyaklar 1, Bakı həmkarlar ittifaqı 3, Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı 2 yer. Lakin Azərbaycanın müstəqilliyini qəbul etməyən ermənilər və başqaları parlamentin işində iştirakdan boyun qaçırdılar.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib.
Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Əlimərdan bəy Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə Həsən bəy Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca Fətəli Xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən Xoyskiyə tapşırılıb.
Parlamentin 155 iclası keçirildi. Müzakirəyə çıxarılan 270-dən çox qanun layihəsindən 230-u qəbul edildi. Parlamentin sədri vəzifəsinə Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov seçildilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.
AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb.
Yeri gəlmişkən, cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı.
Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi.
Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 1991-ci ilin dekabrında SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci il tarixindən bu gün Müstəqillik günü adlandırılmağa başlandı.