Əvvəllər xəzinə vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda bu proses eyni gün ərzində tamamlanır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ödənişlərin həyata keçirilməsi üzrə orta müddət maksimum 10 saat təşkil edir:
"Növbəti mərhələdə bu müddətin 2 saata qədər azaldılması hədəflənir".
"Paralel olaraq, xəzinə əməliyyatlarının operativliyini təmin etmək məqsədilə elektron xəzinə sistemimizin digər sistemlərlə inteqrasiyası həyata keçirilir. Artıq elektron müqavilə sistemi istifadəyə verilib, yeni xəzinə modulu hazırlanaraq mərhələli şəkildə tətbiq olunur. Elektron mühasibat sistemi də istifadəyə verilib", - deyə nazir bildirib.













