"Vaxt itkisinin aradan qaldırılması və resurslardan səmərəli istifadə baxımından rəqəmsal sistemlərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Maliyyə Monitorinqi Xidməti artıq iki ildir ki, şübhəli əməliyyatların monitorinqi sistemini tətbiq edir. Bu sistem qurum tərəfindən yaradılıb və hazırda aktiv istifadə olunur".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlıq və benefsiar mülkiyyətçilərin təhlili departamentinin direktoru Fuad Əliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, sistem vasitəsilə həm öhdəlik daşıyan şəxslərdən daxil olan hesabat və məlumatlar, həm də digər dövlət qurumlarının məlumat bazalarından əldə edilən informasiyalar toplanır:
"Burada çox böyük həcmli məlumatlardan söhbət gedir. Sistem təhlilçilərin işini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Bundan əlavə, sistem 15 dövlət qurumunun məlumat bazasına inteqrasiya olunub. Gündəlik əsaslarla, təxminən 1 000 məlumat parametri üzrə sistemə informasiya daxil olur. Orta hesabla hər gün 25 minə yaxın məlumat toplanır və araşdırmalarda istifadə edilir. Bu məlumatlar aylıq əsasda da nəzərdən keçirilərək təhlil olunur".













