"Cəmi altı aydan bir qədər az müddət ərzində 7 500 müqavilə elektron müqavilə sistemi vasitəsilə tam elektron qaydada imzalanıb".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Nazir qeyd edib ki, bu müqavilələrin ümumi dəyəri 3 milyard manatdan artıqdır:
"Bu, Azərbaycanda dövlət öhdəliklərinin elektron uçotunun başlanması deməkdir.
Sistem müxtəlif dövlət qurumları tərəfindən imzalanan müqavilələr üzrə vahid elektron məlumat bazasının və elektron qiymət bazasının formalaşdırılmasına, dövlət öhdəliklərinin elektron uçotunun aparılmasına imkan yaradır. Eyni zamanda, istifadəçilərə şəffaf, sürətli və operativ xidmət təqdim edir".
"Elektron müqavilə sistemi vasitəsilə müqavilələrin hazırlanması və imzalanması prosesi əhəmiyyətli dərəcədə sürətlənib", - deyə nazir bildirib.













