"Elektron müqavilə sisteminə nəzər saldıqda görürük ki, hazırda ən sürətli imzalanan müqavilələrin rəsmiləşdirilməsi hətta 10 saat ərzində başa çatır. Halbuki əvvəllər bu proses bir neçə gün çəkirdi".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyinin Aparatının Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, sentyabrın 1-dən etibarən proseslərin aktiv mərhələyə keçməsi və müqavilələrin elektron qaydada imzalanması bütün prosesin vahid şəkildə idarə olunmasına imkan yaradır:
"Eyni zamanda, büdcənin tərtibinin elektronlaşdırılması və xəzinədarlıq sahəsində həyata keçirilən tədbirlər ödəniş əməliyyatlarının sürətləndirilməsinə gətirib çıxaracaq. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verməyə başlayıb".
Şöbə müdiri qeyd edib ki, bu proseslər yalnız Maliyyə Nazirliyinin fəaliyyəti ilə məhdudlaşmır:
"Belə ki, elektron müqavilə sistemi çərçivəsində üç-dörd müxtəlif qurum arasında inteqrasiya həyata keçirilir. Buraya Maliyyə Nazirliyi, Mərkəzi Bank və vergi xidməti kimi qurumlar daxildir. Bu qurumların hər birinin elektron informasiya sistemləri arasında inteqrasiya təmin olunur.
Bunun nəticəsində, xüsusilə elektron mühasibat sisteminin tətbiqi ilə vəsaitlərin idarə olunmasında əhəmiyyətli nailiyyətlər əldə ediləcək. Müqavilələr üzrə rəsmiləşdirilən malların və digər əməliyyatların məlumatlarının avtomatik olaraq elektron mühasibat sistemində əks olunması, ödənişlərin isə sistemlər arasında əlavə məlumat mübadiləsinə ehtiyac qalmadan həyata keçirilməsi qurumlar üçün həm vaxta qənaət, həm də səmərəliliyin artırılması baxımından böyük əhəmiyyət daşıyır".













