"Son illərin hesabat dövrünə nəzər saldıqda, dövlət satınalmalarında iştirak edən yeni unikal iştirakçıların sayının 20%-dən çox artdığını görürük".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının rəhbərinin müavini Orxan Məmmədov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, bu, bazara yeni iştirakçıların gəldiyini göstərir:
"Bu, həm rəqabət baxımından müsbət haldır, həm də etimadın göstəricisidir".
"Satınalma proseslərində şəffaflığın təmin olunması, şikayətçilərlə görüşlərin keçirilməsi və təchizatçıların açıq platformalarda təşkil olunan görüşlərdə öz fikirlərini sərbəst şəkildə bölüşə bilməsi də, məncə, etimadın göstəricisidir.
Ümumiyyətlə, diqqətimizi yalnız bir məqama yönəltməməli, hər bir iştirakçının dəyər qatmaq funksiyasını nəzərə almalıyıq. Hesab edirəm ki, bu halda istədiyimiz nəticəyə nail olacağıq", - deyə o, əlavə edib.














