"Bildiyiniz kimi, prezidentin tapşırığına uyğun olaraq, dövlət şirkətləri üçün yaradılmış hesabatlılıq portalı yaradılıb. Portal fevral ayından etibarən tam işlək vəziyyətə gətirilib. Bu müddət ərzində 1 113 müəssisə portalda qeydiyyatdan keçib və ümumilikdə 11 434 hesabat təqdim olunub".
Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43%-ə yaxın artırılır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, 2026-cı il üçün 950 dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatlarını əldə olunub, 885 şirkət üzrə isə dividend proqnozu hesabatları formalaşdırılıb:
"Aparılan təhlillərin nəticəsi olaraq, gələn il ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsində 40-dan artıq dövlət şirkətindən dividend daxilolmaları nəzərdə tutulub. Ümumilikdə, təxminən 900 milyon manat həcmində dividend daxilolmalarının təmin edilməsi planlaşdırılır.
Bu, həm son illərdə dövlət şirkətlərinin idarə edilməsi sahəsində əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində tətbiq edilən yeni yanaşmanın bariz nümunəsidir".
"Hesab edirik ki, növbəti illərin dövlət və icmal büdcələrinin hazırlanması zamanı da dövlət şirkətləri ilə sıx əməkdaşlığı davam etdirərək bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə nail ola biləcəyik", - deyə Sahil Babayev əlavə edib.













