Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) geniş rəqəmsal transformasiya proqramına start verib. Yeni elektron xidmətlərin istifadəyə verilməsi ilə KOBİA sahibkarlarla daha operativ təmasda olacaq, xidmətlərin keyfiyyəti yaxşılaşacaq, elektronlaşdırılması və əhatə dairəsi genişləndiriləcəkdir.
Rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evlərinin xidmətlərindən istifadə etmək istəyən sahibkarlar üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər (“GooglePlay”). Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar mobil tətbiq vasitəsi ilə KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış ola, müvafiq KOB evini seçə, müraciətdən imtina edə və ya daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.
Mobil tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi həmçinin, pandemiya dövründə KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması, insanlar arasında təmasın minimuma endirilməsinə imkan verəcəkdir.
Yaxın günlərdə “İOS” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən də “KOB növbə” tətbiqini yükləmək (“AppStore”) mümkün olacaq, eləcə də mobil tətbiqin imkanları və əhatə dairəsi daha da genişləndiriləcəkdir.