Fevralın 3-də Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib.
FED.az xəbər verir ki, beynəlxalq hava limanında ali qonağı Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib qarşılayıblar.
Bu gün Roma Papasının Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü planlaşdırılıb.
Həmçinin Roma Papası ilə Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlıq və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.
Roma Papası və Şeyx Əhməd Əl-Tayyibin vəliəhd Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən Əbu-Dabidə dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəkləri gözlənilir.
Fevralın 5-dək davam edəcək səfəri çərçivəsində Papa Fransisk 120 min insanın iştirakı ilə messa keçirəcək.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır.