Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə keçmiş daxili işlər naziri Ramil Usubov Azərbaycan Prezidenti yanında Təhlükəsizlik şurasının katibi təyin edilib.
FED.az xəbər verir ki, Azərbaycan prezidenti yanında Təhlükəsizlik şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.
Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.
Ramil Usubovun yeni vəzifəsi - Təhlükəsizlik Şurası – NECƏ İŞLƏYİR?
18:47
20 İyun 2019