Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir.
“FED.az” xəbər verir ki, sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
report.az