Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.
FED.az xəbər verir ki, Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.
Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”, - deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb. Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.
Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.
Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, - deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
12:14
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.