Xəbər verildiyi kimi, dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
FED.az xəbər verir ki, müşavirədə pambıqçılıq sahəsində mövcud durum, eləcə də ayrı-ayrı şirkətlər ıə rayonlar üzrə məhsuldarlıq göstəriciləri də müzakirə edilib və dövlət başçısı bu məsələlərə münasibətini açıqlayıb.
Qeyd edək ki, hazırda ölkələ pambıqçılıqla iki şirkət məşğul olur. Bunlardan biri dövlətə məxsus «Azərbaycan Sənaye Korporasiyası», digəri özəl şirkət olan MKT İstehsalat Kommersiya şirkətidir. Müşavirədə hər iki şirkət əldə etdikləri nəticələri və məhsuldarlıq göstəricilərini açıqlayıb.
Müşaviradə çıxış edən “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov bildirib ki, “MKT İstehsalat Kommersiya” MMC pambıqçılığın inkişafında qarşıya qoyulan hədəfləri uğurla yerinə yetirməkdədir. Belə ki, cari ildə 10 min fermerlə bağlanmış müqavilə əsasında 45 min 763 hektar sahədə pambıq əkilib, tədarük mövsümü ərzində kondisiya çəkidə ümumilikdə 145 min 800 ton xam pambıq tədarük edilib. Sizin tapşırığınızı əsas götürərək şirkətimiz yüksək məhsuldarlıq göstəricilərinə nail olmağı hədəfləyib, aqrotexniki tədbirlərin yüksək səviyyədə təşkili və vaxtında yerinə yetirilməsi hesabına hər hektardan 31,9 sentner orta məhsuldarlıq əldə edilib ki, bu, keçənilki nəticədən 4,6 sentner artıqdır. Tədarük mövsümü ərzində qəbul edilmiş xam pambığın dəyəri olaraq bütün xərclər çıxılmaqla, fermerlərə ümumilikdə 44 milyon manatdan artıq vəsait ödənilib. Məlumat üçün bildirmək istəyirəm ki, hər hektara düşən mahlıc çəkisinə görə dünya ölkələrinin məhsuldarlıq göstəricilərinin sıralamasında şirkətimiz əldə etdiyi nəticə ilə Amerika, Hindistan, Özbəkistan kimi pambıqçılıqda söz sahibi ölkələrin nəticələrini geridə qoyaraq ilk onluqda qərarlaşıb”.
Müşavirədə çıxış edən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə isə bildirib ki, hazırda pambıq tədarükü mövsümü yekunlaşıb və pambığın emalı prosesi başlayıb. «2018-ci ildə 29 min hektarda əkin aparmışdıq və 56600 ton xam pambıq əldə etdik. Bu il Sizin ekstensiv qaydalardan intensiv və innovativ qaydalara keçmək tapşırığınızı rəhbər tutaraq 2019-cu ildə əkin sahələrinin miqdarını eyni - 29 min hektarda saxlamaqla 80 min ton xam pambıq yığmışıq. Biz ilin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir».
Rövşən Həsənov və Kamran Nəbizadənin çıxışından sonra prezident İlham Əliyev K.Nəbizadəyə «Azərbaycan Sənaye Korporasiyası»nda məhsuldarlığın aşağı olduğunu bildirərək bu göstəricinin yüksəldilməsi barədə tapşırıq verib.
Prezident deyib: «Məhsuldarlıqla bağlı siz deyirsiniz ki, 25 sentner nəzərdə tutulurdu, 27,6 sentner əldə edilib. Ancaq bu, MKT-dən aşağı göstəricidir. Ona görə siz də çalışmalısınız ki, 30 sentnerə yaxınlaşasınız. Çünki bizim əsas tədarükçülər MKT və Azərbaycan Sənaye Korporasiyasının törəmə şirkəti olan “Azərpambıq”dır. Bu iki şirkət birlikdə 225 min ton pambıq tədarük edib, 294 minin 225 min tonunu. Əkin sahələri də 75 min hektardır. Yəni, bizim pambıqçılıqla məşğul olan bu iki şirkətdir, biri dövlət şirkəti, biri özəl şirkət. Rəqəmlər göstərir ki, özəl şirkət məhsuldarlıqla bağlı daha səmərəli işləyir. Bunun, əlbəttə, bir izahı ola bilər ki, «Azərpambıq» indi yeni əsaslarla qurulur, əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Yeni şirkət olaraq əlbəttə ki, müəyyən qədər vaxt lazımdır. Ancaq bu ilin təcrübəsi geniş təhlil edilməlidir, həm müsbət təcrübə, həm də ki, mənfi təcrübə. Müsbət təcrübə ona görə ki, o səviyyəyə çatmamış təsərrüfatlar və rayonlar ümumi məhsuldarlığın səviyyəsinə çatmağa çalışsınlar. Mənfi təcrübə də ciddi təhlil olunmalıdır ki, gələcəkdə bu pozuntulara və məsuliyyətsizliyə yol verilməsin».