İlham Əliyev bildirib ki, bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır: “İqtisadi sahədə apardığımız islahatlar gözəl nəticələr verir. Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaqdır. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir".
Eləcə də bax: İlham Əliyev: «Məhkəmələrdə islahatlara ciddi ehtiyac var»
Dövlət başçısı qeyd edib ki, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın: "Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir".
Prezident vurğulayıb ki, digər sahələrdə islahatlar aparılır və aparılmalıdır: "Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artmışdır. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olmuşdur. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı.
Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur.
Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilibdir. Şəhərsalma sahəsində. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır. Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun. Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik".