İyulun 30-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclası açan Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasında istilik enerjisi və isti su təchizatı sisteminin yaxşılaşdırılması və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər və əldə edilmiş nəticələr, bu sahənin müasir standart və tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr haqqında” və “Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.
Baş Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin 2019-cu il mayın 29-da “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması Energetika Nazirliyinə tapşırılıb. Həmçinin bu Sərəncamla Energetika Nazirliyi ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. “Ölkəmizdə dayanıqlı istilik təchizatı sisteminin yaradılması, əhalinin keyfiyyətli istilik enerjisi ilə təmin olunması vacib məsələdir. Nazirlər Kabinetinin iclasında bu sahədəki mövcud vəziyyətin müzakirəsi də önəmlidir”,- deyə Baş Nazir diqqətə çatdırıb.
“Azərbaycan Respublikasında akvakulturanın inkişaf perspektivləri və bununla əlaqədar görülməli tədbirlər haqqında” məsələ ilə bağlı fikirlərini bölüşən Novruz Məmmədov qeyd edib ki, balıqçılıq və akvakulturanın kənd təsərrüfatının tərkib hissəsi olduğunu nəzərə alaraq, bu sahədə beynəlxalq təcrübəyə əsaslanan idarəetmə sisteminin yaradılması, müasir tələblərə uyğun təkmilləşdirilmə və struktur islahatlarının aparılması zəruridir. Balıqçılıq sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması, balıqçılıq məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi, baytarlıq-sanitariya tələblərinə uyğun müasir ixtisaslaşdırılmış balıqçılıq məhsullarının satış mərkəzlərinin yaradılması, balıq məhsulları istehsalı və ixracı üzrə marketinq fəaliyyətinin genişləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət daha da genişləndirilməlidir.
Sonra “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Kənd Təsərrüfatı naziri İnam Kərimovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib. İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin - İCLASI KEÇİRİLİB
18:29
30 İyul 2019