Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edib.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrın 17-də keçirilməsi nəzərdə tutulmuşdu.
Əli Həsənov bildirib ki, bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcəkdir. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür.
Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur.
Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.
"Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur",- Əli Həsənov deyib.