«Neftçalada su təminatı ilə bağlı gərgin vəziyyət yaranıb. Hazırda rayonda 38 kəndin su təminatı dayanıb».
FED.az xəbər verir ki, bu barədə «Azərsu» Səhmdar Cəmiyyətinin rəhbəri Qorxmaz Hüseynov prezidentə məlumat verərkən bildirib. «Rayonda su təminatı ilə bağlı vəziyyət gərgindir, 38 kəndin su təminptı dayanıb»-deyə Q.Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda «Azərsu» Fövqəladə Hallar Nazirliyi ilə birlikdə kəndlərin və rayon mərkəzini su ilə təmin etmək üçün maşınlarla və su çənlərini quraşdırmaqla su təminatı aparırlar.
Prezident «Azərsu» rəhbərindən su probleminin nə vaxt həll ediləcəyini soruşub: «Mənə dəqiq deyin, vətəndaşlar eşitmək istəyir, məsələ nə vaxt həll olunacaq?»
Qorxmaz Hüseynov bildirib ki, noyabra qədər rayonun mərkəzi və yaxın kəndlər su ilə təmin ediləcək. Digər kəndlər üçün isə yeni xətlər çəkilməlidir.
Prezidentin «Bəs noyabrdan sonra uzaq kəndlərdə su necə təmin ediləcək?» sualına «Azərsu» rəhbəri «maşınlarla təmin edəcəyik» deyə bildirib.
Dövlət başçısı məsələ barədə əlavə məlumat almaq üçün köməkçisi Zeynal Nağdəliyevdən görülən tədbirlər barədə soruşub. Prezidentin köməkçisi rayonda su probleminin olduğunu bildirəndə prezident «rayonda su probleminin olduğunu hamımız bilirik, soruşuram necə həll olunacaq» deyib. Köməkçi vəziyyəti araşdırıb məlumat verəcəyini bildirib.