Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimovun fermerlərə dəstək üçün etdiyi müraciəti prezident elə yerindəcə həll edib.
Eləcə də bax: İşsizlikdən sığorta mexanizmi - SADƏLƏŞDİRİLƏCƏK
FED.az xəbər verir ki, iclasda İ.Kərimov fermerləri narahat edən bir sıra məsələlər barədə dövlət başçısına məlumat verib. Bunlar fermerlərin kredit problemi və quraqlığın yaratdığı çətinliklərdir:
«Hazırda fermerlərimizin üzləşdiyi bir sıra çətinlikləri də diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlıdır. Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.
Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır.
Fermerlərimizin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim. Bu dəstəyə və fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirmək üçün bütün səy və imkanlarımızı səfərbər edəcəyik».
Nazirin qaldırdığı iki məsələdən biri elə müşavirədə həllini tapıb. Prezident bildirib ki, bu məsələ üçün vəsait ayrılacaq: «Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin».
Artıq günün sonunda prezident bu məqsədlər üçün 30 milyon manatın ayrılması barədə sərəncam imzalayıb.