“Biz təbii inhisar deyəndə bütün dünyada praktiki mövcud olan və nəzəri olaraq da ən uyğun model kimi görünən bir sistemi nəzərdə tuturuq. İllər boyunca həm elektrik enerjisi, həm də qaz təchizatında təbii inhisar ən optimal model sayılıb”.
FED.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Energetika nazirinin müavini Elnur Soltanov deyib.
Eləcə də bax:Rəqabət Məcəlləsinin qəbulu gözlənilir - İNHİSARÇILIĞA SON QOYULACAQ - VİDEO
Bu barədə elektrik və qaz təchizatında təbii inhisarların aradan qaldırılması ilə bağlı təklifləri şərh edərkən danışıb.
“Bu məsələ dəmir yollarına bənzəyir. Əgər dəmir yolunda rəqabət yaratsanız, bu qarşıqlıq yaradar, maya dəyərini yüksəldər. Eyni şey barədə elektrik enerjisi və qaz sahəsində uzun illərdir düşünülürdü. Amma son illər düşüncə bir az fərqləndi. Gəlinən nəticə budur ki, ötürmə sahəsi təbii inhisar olaraq qalmalıdır. Çünki ən effektiv şəkildə fəaliyyət təbii inhisar hesabına gerçəkləşir. Amma istehsal və təchizatı yeni rəqabətə açmaq mümkündür. Yeni nəzəriyyələr, dünya praktikasında bunu göstərən modellər ortaya çıxdı. Ötürmədə təbii inhisarın qalması bizim planın tərkib hissəsidir. Çünki orda rəqabət əslində qeyri-intuitiv şəkildə daha pis nəticələr verir. Amma niyə istehsalda və təchizatda artıq rəqabətin başlamasına rəvac verməyək?! Bu bütün hallarda həm dövlətin, həm də xalqın xeyrinədir”", - deyə E.Soltanov əlavə edib.