Moldovanın Konstitusiya Məhkəməsi bazar günü keçirilən iclasında parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidenti səlahiyyətlərinin müvəqqəti icrasının baş nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb.
FED.az xəbər verir ki, bu barədə qərar məhkəmənin rəsmi saytına yerləşdirilib.
Bildirilir ki, Pavel Filip də öz növbəsində parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. İmzalanma mərasimi jurnalistlərin iştirakı ilə baş tutub.
Eyni zamanda, Moldova parlamenti Pavel Filipin prezident vəzifələrinin müvəqqəti icraçısı təyin olunması ilə bağlı çıxardığı qərarı yekdilliklə əsassız sayıb və müvəqqəti Pavel hökmətini tanımayıb. Parlament bundan əlavə ölkədə yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayacağını bildirib.