Vətəndaşların Prezident Administrasiyasına yazdıqları şikayət məktubları bəzi məmurlar tərəfindən gizlədilib və onların tədbir görülməsi üçün lazımi instansiyalara çatmasına imkan verilməyib.
Eləcə də bax: “Bundan sonra da təmizləmə işləri aparılacaq” - PREZİDENT
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında çıxış edərkən bildirib.
Dövlət başçısı əhalini ictimai nəzarəti gücləndirməyə çağırıb:
«Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər».
Prezident deyib ki, vətəndaşlar mənfi hallar barədə müraciət etməlidirlər. Əvvəllər belə müraciətlər ünvanına çatmırdı və yenidən şikayət edilən ünvana göndərilirdi: «Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır».
Prezident bildirib ki, bəzi məsələlər haqqında məlumatları ondan gizlədirmişlər və ya başqa formada təqdim edirmişlər: «Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk».