Nazirlər Kabinetində yeni struktur dəyişkilərindən sonra Sənaye və energetika şöbəsinin müdirinin kimliyi də bilindi.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə iqtisad elmləri doktoru, professor Elşən Hacızadə təyin edilib.
Eləcə də bax: Nazirlər Kabinetinin Aparatında - YENİ TƏYİNATLAR OLUB
Elşən Hacızadə – 1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur.
1982-1997-ci illərdə Azərbaycanın Yanacaq Enerji Kompleksində (SOCAR-ın H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, “Azəriqaz” QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif vəzifələrdə işləmişdir.
1997-2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun “Struktur dəyişiklikləri” sektorunun müdiri,“Makroiqtisadi inkişaf və iqtisadi artım” şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC “Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası”nın müdiri, “Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi”nin direktoru, “Magistr Hazırlığı Mərkəzi”nin direktor müavini) tutmuşdur.
2010-2018-ci illərdə “Azərbaycanın vergi jurnalı”nın baş redaktoru olmuşdur.
2019-cu ilin iyun ayından Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Enerji iqtisadiyyatı mərkəzi”nin ictimai əsaslarla rəhbəridir.