Qarabağın və işğaldan azad olunan digəor ərazilərin bərpası ilə bağlı işlər açıq tenderlərlə həyat keçirilməlidir. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev 2022-ci ilin 1-ci yarısının nəticələrinə həsr olunan müşavirədə bildirib.
«Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.
Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik.
Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək».
FED.az xatırladır ki, hazırda Qarabağ və işğaldan azad olunan ərazilərdə aparılan işlərin əksəriyyəti tender keçirilmədən, birbaşa müqavilələrlə həyata keçirilir. Bu sahədə görülən dövlət satınalmaları dövlət satınalmaları portalında əvvəlcədən elan edilmir. Yalnız müqavilə bağlandıqdan sonra bu bardə məlumat açıqlanır.