İranın Azərbaycanda yeni təyin edilmiş səfiri Abbas Musəvi bu gün - sentyabrın 7-də etimadnaməsini prezident İlham Əliyevə təqdim edərkən, dövlət başçısından təkcə əməkdaşlıq barədə planlar deyil, həm də ermənilərlə bağlı dolayı ittihamları da eşitməli olub.
FED.az xəbər verir ki, İlham Əliyev iki ölkə arasında əməkdaşığın plan üzrə getdiyini vurğulamaqla yanaşı, ermənilərin Azərbaycandakı məscidlərini təhqir etdiyini və bunun bütün müsəlman aləminə təhqir olduğunu vurğulayıb.
Maraqlıdır ki, bir qədər əvvəl yayılan məlumatlarda Rusiyanın iyul hadisələri zamanı Ermənistana silah ötürdüyü bildirilirdi, silahın ötürülməsi marşrutlarından biri də İran üzərindən keçirdi.
İrnan səfiri prezidentin məscidlərlə bağlı dediklərinə münasibət bildirməyib, amma qeyd edib ki, İran Qarabağ münaqişəsində Azərbaycanın yanındadır.
Prezident İlham Əliyev: Hörmətli cənab səfir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Xahiş edirəm, ilk növbədə, mənim səmimi salamlarımı dostum və qardaşım Prezident cənab Ruhaniyə çatdırasınız.
Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, siz öz fəaliyyətinizlə iki ölkə arasındakı əlaqələrə dəyərli töhfə verəcəksiniz və bundan sonra da əlaqələrimiz uğurla inkişaf edəcək.
Bildiyiniz kimi, son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olubdur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı. Bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir. Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk.
Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram.
Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.
Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.
Onu da bildirməliyəm ki, bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir.
Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir.
İkitərəfli münasibətlərimizə gəldikdə, bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır. Prezident cənab Ruhani ilə iyulun sonunda mənim telefon danışığım olubdur. Bir çox önəmli məsələlər müzakirə olundu və razılığa gəldik ki, bizim müvafiq hökumət üzvləri bir-biri ilə bu pandemiya dövründə videokonfranslar formatında görüşlər keçirsinlər və artıq bir çox görüşlər keçirildi. Bunun çox böyük önəmi var. Çünki biz istəmirik ki, vaxt itirək. Çünki pandemiya təbii ki, işimizə müdaxilə etmişdir.
Əminəm ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq. Bildiyiniz kimi, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avrasiya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə - sərmayə qoyuluşu, elektroenergetika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir və yeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək. Bir daha xoş gəlmisiniz, sizi bir daha salamlayıram.
Səfir Seyid Abbas Musəvi: Məni bu gün qəbul etdiyinizə görə çox təşəkkür edirəm.
İkitərəfli münasibətlər haqqında Siz geniş danışdınız və mən bu barədə əlavə bir söz deməyə lüzum görmürəm. Mən cənab doktor Ruhaninin səmimi salamlarını Sizə çatdırıram. Eləcə də bizim Kabinet üzvlərinin, xüsusilə də Xarici İşlər nazirimizin salamlarını çatdırıram.
Mən Sizi əmin edirəm ki, İran İslam Respublikasının bütün rəhbər şəxslərinin iradəsi və istəyi ikitərəfli münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirməkdir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz sayəsində, eləcə də İran İslam Respublikasının rəhbərlərinin müdrikliyi sayəsində iki ölkə arasında münasibətlər gündən-günə inkişaf etməkdədir.
İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrlə, xüsusilə də Azərbaycan Respublikası ilə münasibətlər önəmli rola malikdir. Bizimlə qonşu olan 15 ölkə var. Bu ölkələr arasında biz Azərbaycanla xüsusi münasibətlərə malikik. Mənim missiyam bu iki dost, qardaş və müsəlman ölkələr arasında münasibətləri daha da möhkəmləndirməkdir. Mən ölkələrimizin münasibətlərinin genişləndirilməsində hər hansı bir maneə görmürəm. Sizin, eləcə də Kabinet üzvlərinin dəstəyi ilə bu münasibətlər gündən-günə inkişaf etdiriləcək.
İran İslam Respublikasının xalqı və dövləti Sizin mart ayında İrana səfərinizi səbirsizliklə gözləyirdi. Lakin təəssüflər olsun ki, pandemiyaya görə bu səfər baş tutmadı. İran xalqı və İran dövləti hələ də bu səfəri səbirsizliklə gözləyir və mən yenidən bu dəvəti Sizə çatdırıram.
Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz. İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır.
Siz də qeyd etdiyiniz kimi, bizim üçtərəfli və dördtərəfli regional əməkdaşlığımız bundan sonra da davam edəcək. Regional və beynəlxalq təşkilatlar çərçivəsində bizim ortaq mövqelərimiz var və bir-birimizin mövqelərini dəstəkləməyə davam edəcəyik. Mən əminəm ki, Sizin müdrikliyiniz sayəsində hazırda yüksək səviyyədə olan münasibətlərimiz bundan sonra da inkişaf edəcəkdir. İnşallah, tezliklə Sizin və cənab Prezident Həsən Ruhaninin iştirakı ilə keçiriləcək videokonfransda biz münasibətlərimizin daha da inkişaf etdirilməsinin şahidi olacağıq.