Azərbaycanın hərbi vəziyyət rejimi elan edilib.
FED.az xəbər verir ki, qanunvericilikdə hərbi vəziyyət dövründə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər:
Təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması;
İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;
Stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);
Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;
Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;
Rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;
Təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;
Karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;
Hərbi vəziyyət şəraitində məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;
Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;
Müvafiq şəxslərin internə edilməsi;
Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;
Hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;
Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;
Yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;
Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;
Komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;
Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, həmin şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;
Hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;
Kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi;
Hərbi vəziyyət tətbiq edildiyi ərazidə (ərazilərdə) kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi;
Cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsi;
Əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;
Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;
Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.
Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlərin müəyyən edilməsi zamanı hərbi vəziyyət tətbiq ediləcək ərazidə mülki müdafiə və ərazi müdafiəsinin təşkili üzrə planlaşdırmanın nəticələri nəzərə alınır.
Bu Qanunla müəyyən edilən hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına və həmin Konvensiyaya dair İkinci Protokola uyğun olaraq həyata keçirilməlidir.
Hərbi vəziyyət şəraitində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin, vətəndaşların hüquq və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan tədbirlər vəziyyətin kəskinliyindən irəli gələn hüdudlar daxilində tətbiq edilməli və Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və digər normativ hüquqi aktlardan irəli gələn öhdəliklərə zidd olmamalıdır.
Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi tədbirləri Azərbaycan Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu təyin edilə və keçirilə bilməz.
Hərbi vəziyyət dövründə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, yerli özünüidarə orqanlarının üzvlərinin seçkilərinin keçirilməsi mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirirlər.
Hərbi vəziyyət elan olunmazdan əvvəl yerli rəy sorğusuna çıxarılmış məsələnin müzakirəsi dayandırılır və təyin edilmiş yerli rəy sorğusu hərbi vəziyyət ləğv edilənədək təxirə salınır.
Hərbi idarəetmə orqanlarının hərbi qulluqçuları, habelə aidiyyəti dövlət orqanlarının əməkdaşları xidməti (qulluq) vəzifələrinin icrası zamanı hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar aşağıdakı qanunazidd hərəkətlərin qarşısının alınması üçün silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələri tətbiq edə bilərlər:
Dövlət və hərbi obyektlərə, fiziki və hüquqi şəxslərə edilən hücumlar;
Hərbi qulluqçuların, aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyat və sağlamlığı üçün təhlükə törədən əməllər və ya onlara göstərilən müqavimət;
Mühafizə olunan obyektlərə və qoşun birləşmələrinin dislokasiya yerlərinə qanunsuz daxilolma cəhdləri;
Mütləvi iğtişaşlar və ictimai asayişin pozulması.
Silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr, həmçinin, hərbi vəziyyət rejimi qaydalarını pozan şəxslərin tutulub saxlanılması, girovların və zəbt olunmuş obyektlərin azad edilməsi, nəqliyyat vasitəsinin dayandırılması haqqında qanuni tələbləri yerinə yetirməkdən imtina edən sürücünün saxlanılması, həyəcan siqnalının verilməsi, yaxud yardımın çağırılması məqsədi ilə də tətbiq edilə bilər.
Hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar hərbi idarəetmə orqanları aşağıdakı vəzifələri yerinə yetirirlər:
Hərbi vəziyyətin tətbiq edildiyi əraziyə (ərazilərə) giriş-çıxışın xüsusi rejiminin tətbiqi və təmin edilməsi;
Hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, enerji təchizatı müəssisələrinin, su təchizatı və kanalizasiya sistemlərinin, su anbarlarının, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsi;
Əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğınların, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması;
İctimai qayda və ictimai təhlükəsizliyin qorunması;
Zorakı hərəkətlərlə müşayiət olunan münaqişələrdə iştirak edən tərəfləri silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələr tətbiq etməklə münaqişədən çəkindirməsi;
Qanunsuz silahlı birləşmələrin fəaliyyətinin, terrorçuluq, casusluq, təxribat və Azərbaycan Respublikasına qarşı yönəldilmiş digər qanunazidd fəaliyyətin qarşısının alınması;
Hərbi vəziyyətin təmin olunması üçün zəruri olan digər tədbirlərin keçirilməsi.
Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş əsasların aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən cəlb olunan ehtiyatların həcmi, aparılan işlərin maliyyələşdirilməsinin və maddi-texniki təminatının həcmi və qaydası, o cümlədən hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş şərait nəticəsində zərər çəkmiş vətəndaşlara sosial müavinətlərin və kompensasiyaların, həmçinin bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan tədbirlərin görülməsi ilə əlaqədar sakinlərin müvəqqəti olaraq təhlükəsiz ərazilərə köçürülməsi tədbirlərinin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət büdcəsi hesabına həyata keçirilir.
Cəbhəboyu zonada, həmçinin də döyüşlərin aparıldığı və hərbi vəziyyət rejimi tətbiq edilən ərazilərdə bu Qanunun 10-cu maddəsində göstərilən tədbirlər müvafiq hərbi idarəetmə orqanları tərəfindən həyata keçirilə bilər.
Cəbhəboyu zonanın (ərazinin) hüdudları və hərbi idarəetmə orqanlarının səlahiyyətləri hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq müəyyən edilir.
Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar yerli əhali arasında təbliğat-izahat işləri aparılır.
Müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları müvafiq dövlət orqanları və hərbi idarəetmə orqanları ilə birlikdə yerli əhali arasında sayıqlığın artırılması və dövlət sirrinin yayılmasının qarşısının alınması məqsədi ilə zəruri tədbirlər planlaşdıraraq həyata keçirirlər.
Cəbhəboyu zonada hərbi vəziyyət rejiminin pozulması barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılması üçün qaynar xətt əlaqəsi yaradılır.
Hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə vətəndaşların hüquq və azadlıqlarının, həmçinin mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qəbul olunmuş hüquqi aktlar hərbi vəziyyət dövrünün başa çatması ilə eyni vaxtda bu barədə xüsusi məlumat verilmədən qüvvəsini itirmiş hesab olunur.
Hərbi vəziyyət dövründə Milli Məclis Daxili Nizamnaməsinə uyğun olaraq iclaslarını davam etdirir.
Hərbi vəziyyət dövründə və hərbi vəziyyət tətbiq edilən ərazidə ədalət mühakiməsini yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yaradılan və fəaliyyət göstərən məhkəmələr həyata keçirirlər.
Hər hansı fövqəladə məhkəmə formalarının və növlərinin təsis edilməsi, mühakimə icraatının sürətləndirilmiş və ya fövqəladə növlərindən və formalarından istifadə olunması qadağandır.
Hərbi vəziyyət tətbiq olunmuş ərazidə fəaliyyət göstərən məhkəmə Məhkəmə-Hüquq Şurasının qərarı ilə başqa əraziyə köçürülə bilər. Hərbi vəziyyət tətbiq olunmuş ərazidə ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq başqa məhkəməyə verilə bilər.
Hərbi vəziyyətin tətbiq edildiyi dövrdə Azərbaycanın prokurorluq orqanları prokurorluq haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərirlər.
Hərbi vəziyyətin elan edilməsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
Hərbi vəziyyət elan edildikdə, müvafiq icra hakimiyyəti orqanı “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya uyğun olaraq, 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır.
Müvafiq icra hakimiyyəti orqanı hərbi vəziyyət dövrünün başa çatması barədə Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini məlumatlandırır.