Dövlət Gömrük Komitəsi avqustun 30-da komitə rəhbəri Səfər Mehdiyevin Masallıda keçirdiyi görüşlə bağlı bəzi mətbuat orqanlarında yayılan məlumatlara münasibət bildirib.
FED.az-a daxil olan məlumata görə, iddiaya görə izdihamın müşahidə olunduğu qəbul prosesi sona qədər aparılmayıb və bu barədə vətəndaşlara açıqlama verilməyib.
Açıqlamaya görə, avqustun 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində vətəndaşların müraciətlərini dinləyib: “Ümumilikdə 17 nəfər Komitə sədri ilə görüşüb və gömrük məsələləri ilə bağlı bütün müraciətlər dinlənilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Dövlət Gömrük Komitəsi rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.
Buna baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət edirlər.
Gömrük orqanlarında xidmətə qəbul üçün Komitə rəhbərliyi ilə görüşmək istəyən vətəndaşlara aidiyyəti struktur bölmələrin nümyəndələri tərəfindən müvafiq açıqlamalar verilirək bildirilib ki, xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları İdarəsinə müraciət etmək tövsiyə olunub”.