Prezident İlham Əliyev “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” öz fərmanına dəyişiklik edib.
FED.az Dəyişikliyə əsasən, əgər indiyədək gənclərə Prezident Mükafatı təkcə elm, mədəniyyət, ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyətə görə verilirdisə, indi bu siyahıya digər sahələr də əlavə edilib.
Artıq gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti üzrə də belə mükafatlar veriləcək. Üstəlik hər il mükafat alanların sayı 6-dan 10-a qaldırılıb.
Prezidentin fərmanı ilə Gənclər üçün Prezident Mükafatının yeni əsasnaməsi də təsdiqlənib. Sənədə görə mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir. Mükafatlar sahələrdən asılı olaraq belə bölünəcək:
1. elm və təhsil sahələri üzrə – 2 mükafat;
2. mədəniyyət sahəsi üzrə – 2 mükafat;
3. ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat;
4. gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat;
5. innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat.
Yeri gəlmişkən, mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.Bu hal, məsələn startap müəllifləri ilə baş verə bilər.
Mükafata namizədləri dövlət qurumları irəli sürəcək. Bunlar
elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi;
mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;
ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu;
gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və qeyri-hökumət təşkilatları;
innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu.
Adı çəkilən qurumlar Mükafata irəli sürülən namizədlər haqqında məlumatı Gənclər və İdman Nazirliyinə təqdim edirlər. Mükafata namizədlərin irəli sürülməsi cari il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə həyata keçirilir. Hər bir qurum Mükafata ən çoxu üç namizəd təqdim edir.
Gənclərə Prezident Mükafatı veriləcək – 10 000 AZN - ŞƏRTLƏR
10:31
29 İyun 2019