Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.
Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə 4 qətnaməsinin hələ də kağız üzərində qalması qeyd olunub.
Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.
Bildirilib ki, Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur. Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.
Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.