“Eksklavlar məsələsi başqadır, çünki onlar daha mürəkkəbdir və digər ölkənin əhatə etdiyi ərazidə yerləşir. Buna görə onlara delimitasiya prosesində baxılmalıdır”.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
“Əgər Ermənistan tərəfi onları indi - ikinci mərhələdə nəzərdən keçirmək istəyirsə, biz hazırıq. Onlar məsələyə sonra baxmaq istəyirlərsə, biz yenə də hazırıq. Delimitasiya başa çatdıqdan dərhal sonra – hazırda Qazax rayonunun dörd kəndinin sahəsində demarkasiya aparılır. Düşünürəm ki, hər iki tərəf, yəni, iki Delimitasiya Komissiyası növbəti addımlar üzərində razılığa gəlməlidir. Biz həmin məsələyə ayrıca epizod kimi baxılmasını istəmirik və delimitasiya işini davam etdirmək istəyirik. Təklif edirəm ki, iş bəlkə də ən asan hissədən başlasın. Əgər Ermənistan tərəfi ən çətin hissədən başlamaq istəyirsə, məsələn eksklavlar, biz onun üçün də hazırıq”, - Azərbaycan Prezidenti qeyd edib.