Xəbər verdiyimiz kimi, “AzerGold” QSC Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələri təqdim edib. İlkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib.
Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub. 5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçirilir. Satış ötən həftədən etibarən başlayıb.
Qramından asılı olaraq qızıl sikkələrin qiymətiləri 700 manatdan 2550 manatadək, gümüş sikkələrin qiymətləri 120 manatdan 260 manatadək, qızıl külçələrin qiymətləri isə 650 manatdan 2500 manatadək dəyişir. Ətraflı: Azərbaycan istehsalı sikkə və külçələrin qiymətləri məlum oldu
“AzerGold” QSC, külçə və sikkələrin hazırlanması layihəsi ilə bağlı “Marja”nın suallarını cavablandırıb:
- Qızıl və gümüş məhsulların satış ünvanları haradır?
- Azərbaycan qızılı və gümüşündən külçə və sikkələrin istehsal edilməsi “AzerGold” QSC üçün böyük önəm kəsb edir. İstehsala başlamadan öncə tərəfimizdən müxtəlif bazar araşdırmaları aparılıb, o cümlədən satış nöqtələrinin müəyyən edilməsi istiqamətində tədqiqatlar həyata keçirilib. Hal-hazırda külçə və sikkələrin premium-klas məhsulların satışında zəngin təcrübəyə malik “Italdizain Group”, “Levata Group” və “SI Luxury World” şirkətlərinə məxsus mağazalarda satışına başlanılıb.
- “AzerGold” qiymətləri nə vaxtsa dəyişə bilər?
- Məlum olduğu kimi, hər bir hazır məhsulun qiyməti, onun hazırlanmasında istifadə olunan xammalın dəyəri, istehsal xərcləri və gəlirlər nəzərə alınmaqla formalaşır. “AzerGold” QSC tərəfindən istehsal edilən külçə və sikkələrin hazırlanmasında qızıl xammal rolunu oynadığına görə, bu məhsulların da qiyməti dünya bazarlarında mövcud qiymətlərdən asılı olaraq dəyişə bilər. Belə ki, artıq istehsal edilmiş və hal-hazırda satışa çıxarılmış məhsulların qiyməti qızılın mövcud bazar qiymətinə uyğunlaşdırılmışdır. Növbəti partiyaların istehsalı zamanı qiymət qızılın bazar qiymətindən asılı olaraq dəyişə bilər.
- Qızıl sikkə və külçənin qramının qiyməti nə üçün dünya bazarı qiymətlərindən təxminən 2 dəfə yüksəkdir?
- Əlbəttə xammal qızılı ilə, bu qiymətli məhsuldan hazırlanan məhsulların qiymətləri arasında fərq var. Belə ki, istehlakçıya təqdim olunan məhsulun son qiyməti yuxarıda qeyd edildiyi kimi, istehsal xərcləri, sərf olunan insan əməyinin dəyəri, gəlirlərin nəzərə alınması və digər amillər əsasında formalaşır. Konkret “AzerGold” QSC-nin istehsal etdiyi məhsullara gəldikdə isə, bu ilk partiya olduğunu və İsveçrənin dünyaca məşhur “Argor Heraus” şirkəti tərəfindən 999.9 əyarda, premium-klass səviyyədə istehsal edilməsi, beynəlxalq səviyyədə tanınan sertifikatlarla təmin edilməsi də son qiymətə öz təsirini göstərir. Hal-hazırda, bu məhsulların ölkə daxilində istehsalının təmin edilməsi üçün “Azərsuvenir” MMC ilə danışıqlar aparılır.
Qeyd edək ki, bu layihəni hazırlayan zaman, “AzerGold” QSC üçün gəlirlikdən daha çox ölkənin qızıl hasilatçısı olaraq yerli və beynəlxalq bazarlarda tanıtmaq, “Made in Azerbaijan” brendini təşviq etmək, seqmetin ölkədə inkişafına nail olmaq, incəsənətimizi, tariximizi və bu günümüzü təbliğ etmək məqsədlərini prioritet olaraq müəyyən edib.
©Marja