Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində geniş sosial izolyasiya tədbirləri başlayır.
Qərara əsasən,
ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir;
ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır;
ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla);
dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur;
restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir;
restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir;
saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır;
ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir;
aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq.