Azərbaycan- Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
FED.az xəbər verir ki, martın 4-də Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçiriləcək.
İclasda Komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
İclasda həmçinin, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokolun imzalanması və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iki ölkənin biznes dairələrinin iştirakı ilə dəyirmi masanın təşkil olunması nəzərdə tutulub.