Bu gün Bakıda Avropa İttifaqının (Aİ) dəstəyi ilə icra olunan “Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin yekunlarına dair konfrans keçirilib.
FED.az xəbər verir ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi, Avropa və Beynəlxalq İşlər Nümayəndiliyi ilə birlikdə həyata keçirilib. Bu, Fransa ilə tərəfdaşlıqda icra olunan artıq üçüncü tvinninq layihəsidir.
Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Aİ-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri və Aİ-nin ölkəmizdəki səfiri Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfirinin müşaviri Yohan Şitterer, avropalı ekspertlər və b. iştirak edib.
S.Babayev pensiya təminatının əhalinin sosial müdafiəsində önəmli rola malik olduğunu vurğulayıb və bildirib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə pensiyaların artırılması və pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu sahədə avtomatlaşdırılmış mexanizm üzərində proaktiv xidmətlərin qurulması istiqamətində ciddi addımlar atılır.
Nazir qeyd edib ki, sosial sahədə aparılan islahatların hədəfi pensiya təminatı sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsidir. İki il əvvəl başlayan layihədə bu məqsədə xidmət edir.
Layihə çərçivəsində, pensiya təminatı üzrə avtomatlaşdırılmış maliyyə nəzarəti sisteminin (elektron auditin) inkişaf etdirilməsi sahəsində bacarıqların və vasitələrin, səmərəliliyin artırılması, büdcə tərtibatı prosesinin təkmilləşdirilməsi və s. ilə bağlı Avropanın qabaqcıl təcrübələri əsasında qiymətləndirmələr aparılıb, konseptual və təlimat sənədləri, təkliflər, tövsiyələr hazırlanıb. Pensiya sahəsində islahatlar prosesində bu layihə üzrə görülmüş işlərin nəticələri, eyni zamanda, qabaqcıl təcrübələrin öyrənilməsi xüsusi önəm kəsb edir.
K.Yankauskas bildirib ki, sözügedən layihə bu sahədəki Avropa təcrübəsini, yeni yananşmaları öyrənmək və gələcək islahatlarda onlardan istifadə etmək imkanı yaradır. Y.Şitterer isə əmin olduğunu bildirib ki, son iki ildə icra olunan bu layihənin nəticələri Azərbaycandakı sosial müdafiə islahatlarına öz töhfəsini verəcək.
Konfransda Azərbaycan tərəfindən layihə rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev və Fransa tərəfindən layihə rəhbəri xanım Eliz Debiz çıxış edib, layihənin komponentləri üzrə görülən işlər barədə məlumat veriblər.
Layihənin ekspertləri Mindauqas Strumskis (Litva) “Sosial təminat sistemində e-audit və risklərin idarə edilməsi: həllər”, Alessandro Fiori (İtaliya) “Azərbaycan Respublikasının pensiya sistemi üçün proqnozlaşdırma modeli”, Jacques Charmes (Fransa) “Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid prosesini gücləndirmək məqsədi ilə həyata keçirilməli olan tədbirlər”, Denis Nunez (Fransa) “Torpaq pay mülkiyyətçiləri / kənd təsərrüfatında çalışan şəxslər üçün sosial sığorta mexanizmlərinin hazırlanması istiqamətində tövsiyələr”, Asta Aranauskiene (Litva) və Alessandro Fiori (İtaliya) “Könüllü pensiya sığorta sisteminin inkişaf etdirilməsi və müvafiq maliyyələşdirmə mexanizmləri” mövzularında təqdimatlar ediblər. Ç.Əliyev və layihənin eksperti Andrey Tretyak sualları cavablandırıb, Tvinninq layihəsinin müşaviri Audrius Bitinas layihə çərçivəsində görülən işləri diqqətə çatdırıb.