Böyük Britaniya, Fransa və Almaniya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara rəğmən Tehranla ticarət üçün maliyyə mexanizmi hazırlayıblar.
FED.az xəbər verir ki, iki mötəbər avropalı diplomatın “Bloomberg” agentliyinə verdiyi məlumata görə, Avropa ölkələri ABŞ sanksiyalarına məruz qalmayacaq yeni mexanizm üzərində işi başa çatdırıblar və yekun sənəd bu yaxınlarda elan olunacaq. Hazırda son danışıqlar aparılır və yekun bəyanat hazırlanır.
“Bloomberg” bildirir ki, yeni mexanizm Aİ-nin 2015-ci ildə qəbul etdiyi Birgə Yekun Fəaliyyət Planı (JCPOA) əsasında hazırlanıb. Bu sənədi imzalayan ölkələr öz öhdələrinə Tehranın nüvə proqramını dayandırması müqabilində İrana qarşı sanksiyaları ləğv etməyi götürmüşdülər. Yeni bəyanatın layihəsində deyilir ki, Böyük Britaniya, Fransa və Almaniya son dövrdə İranla ticarətdə əldə olunan irəliləyişləri qoruyub saxlamaq və İran xalqının həyatı üçün zəruri olan iqtisadi əməkdaşlığı davam etdirmək niyyətindədirlər”. Bu bəyanat yanvarın 29-da Aİ-yə üzv olan 28 ölkə tərəfindən təsdiq olunduqdan sonra açıqlanacaq.
Maliyyə mexanizmində Avropa şirkətlərinin ABŞ dollarının asılılığından qurtulması yolu ilə İranla ticarətdə bank-maliyyə problemlərinin həllinə nail olunması nəzərdə tutulub. Bundan başqa, Avropa şirkətlərinin İrandan neft və qaz idxalı müqabilində barter üsulu ilə ödənişləri həyata keçirməsi də yeni planın əsas müddəalarından biridir.
Xatırladaq ki, Tramp hökuməti bundan əvvəl Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə altı ay müddətində İrandan məhdud həcmdə neft məhsulları idxal etməyə icazə verib. Ötən ilin dekabrında isə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Siqal Mandelker bəyan edib ki, bütün Avropa İttifaqının bu sanksiyaya əməl etməyəcəyindən narahatdır.