İranda tezliklə dolların qiyməti ucuzlaşacaq.
Eləcə də bax: ABŞ İrana qarşı yeni sanksiyalar - TƏTBİQ EDİB
FED.az xəbər verir ki, bunu İranın Mərkəzi Bankının baş direktoru Əbdülnasir Himməti deyib.
Ə.Himmətinin sözlərinə görə, İran dövləti bu istiqamətdə öz səylərini göstərməkdədir.
FATF konvensiyalarının İranda təsdiqlənib-təsdiqlənməməsinin İranın ticarətinə təsirinə münasibət bildirən İranın bank rəsmisi deyib ki, dünyanın önəmli bankları İran bankları ilə işləmirlər. Bu baxımdan FATF-ın təsdiqlənib-təsdiqlənməmsinin İran iqtisadiyyatında çox təsiri yoxdur.
Himməti əlavə edib ki, hazırda İran bir çox xarici pul və maliyyə mübadilələrini qeyri-sanksiya yolları ilə həyata keçirir.
Qeyd edək ki, İranda 2018-ci ilin yayında güclü devalvasiya baş verib. Belə ki, qara bazarda təxminən 32 min riala olan 1 dollar 200 min rialdan çox bahalaşıb. İran hökuməti və Mərkəzi Bankın müdaxiləsi nəticəsində sonradan dolların qiyməti ucuzlaşıb. Hazırda qara bazarda 1 dolların qiyməti təxminən 136 min rialdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) çirkli pulların yuyulması və terrorizmin maliyyə təminatı ilə mübarizə qaydalarını tənzimləmək üçün dövlətlər arası qurumdur. Bu qurumun sonuncu iclasında İrana xəbərdarlıq edilib ki, İranın addım proqramı təkmilləşmədiyi halda, bu qurum gələn üç ay ərzində İranı qeyri-əməkdaş ölkələr siyahısına əlavə edə bilər. İran FATF-ın ümumilikdə 41 addımından 37-ni icra edib.
Qalan 4 addım və ya konvensiya qanunvericilik sahəsindədir. “Çirkli Pulların Yuyulması ilə Mübarizə Qanununun islah edilməsi”, Terrorizmin Maliyyə Təminatı ilə Mübarizə Qanunun islah edilməsi”, “Transmilli Mütəşəkkil Cinayətlərlə Mübarizə Beynəlxalq Konvensiyasına üzvlük (Palermo) və Terrorizmin Maliyyə Təminatı ilə Mübarizə Beynəlxalq Konvensiyasına üzvlük (CFT) İran hökuməti tərəfindən hazırlanaraq parlamentə göndərilib. Parlamentdə 4 konvensiya təsdiqlənib və Məsləhət Şurasına göndərilsə də, CFT və Palermo konvensiyaları hələ də qeyd olunan şurada təsdiqlənməyib.
FATF 1989-cu ildə çirkli pulların yuyulması ilə mübarizə üçün G7 qrupunun təşəbbüsü ilə yaradılıb. Bu qurumun 37 üzvü var və onun katibliyi Parisdə yerləşir.
İran 2007-ci ildən FATF-ın qara siyahısına salınıb və 2009-cu ildən rəsmi şəkildə Tehran əleyhinə qarşılıqlı addımlar tətbiq olunub. Beləliklə ölkələr İranla maliyyə və bank mübadilələrində ehtiyatlı davranmalı olublar.
2016-cı ildən diplomatik addımlarla İrana qarşı qarşılıqlı addımların tətbiqi təxirə salınıb.
Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.
Trend