“RosAzerMaş” QSC bazardakı mövqeyini gücləndirmək, eləcə də çevik və innovativ şirkətə çevrilməsi məqsədi ilə rebrendinqlə bağlı apardığı işləri uğurla başa çatdırıb.
Şirkətdən FED.az saytına verilən məlumata görə, rebrendinq işləri çərçivəsində şirkətin loqosu, rəsmi (veb) elektron səhifəsi və “brandbook”u tamamilə yenilənib.
“RosAzerMaş” QSC-nin yeni brendinin əsas ideoloji mahiyyəti “RosAzerMaş” adı altında müştərilərlə vəhdət yaradaraq xüsusi olaraq hazırlanmışdır. Yeni loqo həmçinin özlüyündə cəmiyyətin inkişafının simvolunu özündə əks etdirir.
Loqodakı qırmızı rəngdə olan aypara formasının ətrafından çıxan dişli çarxlar müasir sənayeləşməni və inkişafı simvollaşdırır. Ayparanın içində mavi rəngdə əks olunan elementlər balanslı və pilləli yüksələn infrastrukturun təzahürüdür.
Qeyd edək ki, ötən ay “RosAzerMaş” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətində dəyişiklik olmuşdur. Müvafiq qərarla İdarə Heyətinin sədri vəzifəsinə Toğrul Qulubəyli təyin edilib.
Hazırda “RosAzerMaş” QSC yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Rebrendinq şirkəti inkişafa aparan bir proses olduğu üçün bu istiqamətdə şirkətdə yenilənmə işləri aparılır, şirkətə peşəkar kadrlar cəlb edilir.
Xatırldaq ki, “RosAzerMaş” QSC 02 may 1997-ci ildə “Azərelektromaş” İB ilə birgə fəaliyyət əsasında yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti xaricdə istehsal olunan və yerli bazarda tələb olunan materialların ölkəmizdə istehsalının qurulması, həmçinin istehsal olunan elektrik mühərriki, avadanlıq və birləşdirici komponentləri müvafiq standartlara cavab verməsi üçün yeni istehsal üslubunda tətbiq etməkdir.