Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Qida əlavələrinə dair sanitariya norma və qaydaları”nı təsdiqləyib.
FED.az xəbər verir ki, yeni qaydalarda qida əlavələrinə dair tələblər müəyyən edilib, eləcə də qida əlavələrinin hansı məqsəd üçün istifadə edilməsi dəqiqləşdirilib.
Tailand-Azərbaycan birgə şirkəti yaradılacaq - Qida əlavələri və dərmanlar - İSTEHSAL EDƏCƏK
Bioloji qida əlavələrini dərman kimi reseptə yazan həkimlər - CƏZALANDIRILACAQ
Yeni qaydalara əsasən, qida əlavələrinin - mövcud elmi sübutlara əsaslanaraq müəyyən edilmiş maksimum istifadə miqdarı insan sağlamlığı üçün təhlükə yaratmamalıdır. Eyni zamanda qida məhsulları qidaların istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldatmamalıdır.
Qaydalara əsasən, qida əlavələri qida məhsullarında aşağıda göstərilən məqsədlər üçün istifadə edilə bilər:
- qida məhsulunun qidalılıq dəyərinin qorunması;
- xüsusi təyinatlı qida məhsullarında zəruri inqrediyentləri təmin etməsi;
- qida məhsulunun təbii xüsusiyyətlərini, tərkibini və keyfiyyətini istehlakçıları çaşdıracaq dərəcədə dəyişdirməməsi şərti ilə, onun keyfiyyəti və yararlılığının saxlanılmasının təmin edilməsi və ya orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırması.
Həmçinin qida məhsulunun qidalılıq dəyərini azaldan qida əlavələrinin yalnız aşağıdakı hallarda istifadəsi mümkündür:
- qida əlavəsinin əlavə edildiyi qida məhsulu gündəlik rasionun əhəmiyyətli hissəsini ehtiva edən məhsul deyilsə;
- xüsusi təyinatlı qida məhsulunun emalı zamanı əlavə edilməsi zəruri hesab edilirsə.
Şirinləşdirici qida əlavələri yalnız bu Qaydaların 3.2-ci bəndində göstərilən tələblərdən biri və ya bir neçəsinə cavab verməsi şərti ilə aşağıdakı məqsədlərdən biri və ya bir neçəsinə nail olmaq üçün qida məhsullarına əlavə edilir:
- enerji dəyəri azaldılmış qida məhsullarını, kariogen olmayan (dişdə kariyes əmələ gətirməyən) qida məhsullarını və ya şəkər əlavəsiz qida məhsullarını hazırlamaq üçün şəkərin əvəz edilməsi;
- qida məhsullarının yararlılıq müddətini artırmaq üçün şəkərin əvəz edilməsi;
- xüsusi təyinatlı qida məhsullarının hazırlanması.
Rəngləyici xüsusiyyətə malik qida əlavələri yalnız bu Qaydaların 3.2-ci bəndində göstərilən tələblərdən biri və ya bir neçəsinə cavab verməsi şərti ilə aşağıdakı məqsədlərdən biri və ya bir neçəsinə nail olmaq üçün qida məhsuluna əlavə edilir:
- emal, saxlanma, qablaşdırma və paylanma şəraiti səbəbindən rəng dəyişikliyinə məruz qalan qida məhsulunun ilkin görünüşünün bərpa edilməsi;
- qida məhsulunun görünüş baxımından daha cəlb edici göstərilməsi;
- rəngsiz qida məhsuluna rəng verilməsi.