Qazaxıstan Azərbaycanı makaron məmulatlarının ixracı üçün perspektivli bazar hesab edir.
Eləcə də bax: Qazaxıstandan Azərbaycana taxıl tədarükü - 6 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzindən verilən məlumata görə, bu gün Azərbaycanın idxal etdiyi makaron məmulatlarının 92%-i Türkiyə və Rusiyanın payına düşür.
“RF-dən olan istehsalçılarla əməkdaşlıqda qarşıda duran çətinlikləri və Türkiyənin buğda idxalından asılılığını nəzərə alaraq, Qazaxıstanın makaron istehsalçıları tərəfdaşlara sərfəli şərtlər təklif etməklə Azərbaycan bazarına daxil ola bilərlər”, - deyə “QazTrade”in analitikləri hesab edirlər.
Onların qiymətləndirmələrinə görə, 2021-ci ildə Azərbaycanın pərakəndə makaron məmulatları bazarının həcmi 32,4 milyon manat, 2016-2021-ci illərdə orta illik artım tempi 3,7% təşkil edib.
““QazTrade”in proqnozlarına görə, 2022-ci ildə Azərbaycanın pərakəndə makaron məmulatları bazarının həcmi 34,1 milyon manata, 2026-cı ildə 43,6 milyon manata çatacaq. Bütövlükdə, 2022-2026-cı illərdə bazarın orta illik artım tempi 6,1% səviyyəsində gözlənilir”, - deyə “QazTrade”də vurğulayıblar.
Azərbaycanın makaron məmulatları bazarında əsas brendlər “DoyMak” (14,1%), “Ankara Makarnası” (11%), “BisMak” (7,8%), “Pastavilla” (7,4%) və “Saville” (7,2%) brendləridir.
Məhsulların 99,5%-i ərzaq mağazaları, 0,5%-i isə elektron ticarət vasitəsilə satılır.
2022-ci ilin yanvar-may aylarında Qazaxıstan $24,5 milyonluq makaron məmulatları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bununla yanaşı, ixrac miqdar ifadəsində 18% artıb. (İnterfaks-Azərbaycan)