Nahar fasiləsi: biznes-lança hara getməli?
İşdə yemək üçün nahar hazırlmaq, onu bütün şəhər boyu daşımaq və sonra da bir xeyli qab-qacaq yumağı heç kəs xoşlamır. Tez və dadlı yemək yeyəcəyiniz bir restorana yollanmaq daha rahatdır. FED.az Bakucity.az-a istinadan paytaxt sakinləri və qonaqların biznes-lança tələbatını, onun paytaxta harada verildiyi və nə qədər çəkdiyi haqda araşdırma aparıb.
Tələb təklif doğurur
Bakıda biznes-lanç üçün əlverişli məkanlardan olan “Şah” restoranın əməkdaşı menyu və qiymətlər haqqında ətraflı məlumat verib:
“Bizdə biznes-lanç günorta saat 1-də başlayır və 17.00-da başa çatır. Menyumuz həftəlik tərtib olunur: birinci yeməklər, isti yeməklər, salatlar və içkilərdir. Əgər sifarişdə desert də varsa, lanç 8 manata başa gələcək, əgər dörd nəfər birlikdə nahar edərsə desert ödənişsizdir. Tam biznes-lanç: birinci, ikinci yeməklər 6 manatadır. Müştəri yeməklərdən birini istəməsə qiymət 5 manat olacaq”.
Restoranın əməkdaşı qeyd etdi ki, onlarda yaxın ünvanlara çatdırlma da həyata keçirilir. Bu restoranın özəlliyi həm də Azərbaycan mətbəxinin orta əsrlər reseptlərinə uyğun hazırlanmasıdır.
Avropa və Ukrayna mətbəxinin təqdim olunduğu “Soloha” restoranının meneceri Zəminə Əliyeva qeyd edib ki, onlarda biznes-lanç bazar ertəsindən şənbə gününə qədər verilir:
“Bizim biznes-lanç sup, salat, isti yemək, kampot, çörək məmulatları və çaydan ibarətdir və bunların hamısı 6 manata başa gəlir. Əlbəttə ki, həftə ərzində menyu dəyişir. Lanç 12.30-da başlayıb 15.00-da bitir”.
Bu restoran çatdırılma xidməti göstərir. Menecer həmçinin qeyd etdi ki, onların kifayət qədər müştəriləri var ki, aralarında paytaxtı ziyarətə gələn xarici qonaqlar da az deyil.
“ButaArtClub” restoranı ənənəvi Azərbaycan mətbəxi ilə xidmət göstərir. Eyni zamanda burada müxtəlif Avropa yeməkləri də sifariş edə bilərsiniz. Saytımıza verdiyi açıqlamada menecer Cəlil Qurbanzadə qeyd edib ki, restoranlarında yemək vaxtı olduqca uzundur:
“Çalışırıq biznes-lanç üçün hər gün yeni menyularla xidmət edək. Çünki daimi müştərilərimizi təəccübləndirmək bizim üçün vacibdir. Saat 12:00-dan 16:00 -a qədər xidmət göstəririrk. Lançın qiyməti 5 manatdır. Restoranımız həmçinin şəhərin mərkəzi ərazilərinə çatdırılma xidməti göstərir”.
“Pencere” restoranı milli və Avropa mətbəxinin yeməklərini təqdim edir. Menecer Elşən Şabanov qeyd edib ki, onlarda daimi menyu var:
“Bizim restoranda biznes-lanç 12,60 manatdır. Bizdə toyuq və mərcimək şorbaları, müxtəlif salatlar - manqal, çoban və s. servis edilir. İsti yeməklərdən katletlər, qulyaş, langet ət və ya toyuq ilə təklif olunur. Qarnir olaraq kartof püresi, düyü və ya spagetti veririk. İçkilərdən su, kola və çay var. Bu, daimi menyumuzdur. Məkanımızda biznes-lanç birinci gündən beşinci günə qədər (Saat:12:00-15:00) qədər davam edir. Həftə sonlarında isə biznes-lanç verilmir.
Menecerin dediyinə görə, nahar vaxtlarında ən azı 10-15 daimi xarici müştəriləri olur.
Rahat mühitdə nahar
“CasualBrasserieCafe&Bar” restoranı 12.00-dan 17.00-a dək uzun müddətə lanç təklif edir. Restoranın əsas özəlllikləri şəhərin mərkəzində yerləşməsi və qeyri-adi dekora malik olmasıdır.
Sərfəli qiymətə biznes-lanç təklif edənlərdən biri də “Romantique” restoranıdır. Burada cəmi 4 manata nahar sifariş vermək olar, amma lança ayrılan vaxt çox deyil – 13.00-dan 14.00-a dək. Bura qədim Misir stilində hazırlanmış interyeri ilə məşhurdur.
“CoffeStationBaku” restoranı özünün biznes-lançda verilən krem-sumları ilə məşhurdur. Bundan başqa, burda isti yeməklərin, salat və içkilərin geniş seçimi mümkündür. Cəmi 7 manata başa gələn nahar 12.00-dan 17.00-a qədər davam edir.
Dünyada biznes-lançın rahat ictimai iaşə xidməti olduğu fikri çoxdan qəbul olunub. Bu və ya digər dərəcədə hər insan, hətta ancaq evdə yemək yeməyə üstünlük verənlər də, bəzən nahar vaxtı belə müəssilərə üz tutmağa məcbur olurlar. Amma, son vaxtlarda cəlbedici qiymətə biznes-lanç təklif edən restoran və kafelərin sayı azalıb.
Qiymət cədvəli
Restoran | Biznes-lanç vaxtı | Qiymət |
Şah | 13:00-17:00 | 5-8 AZN |
Soloha | 12:30-12:00 | 6 AZN |
Buta Art Club | 12:00-16:00 | 5 AZN |
Pencere | 12:00-15:00 | 12.60 AZN |
Casual Brasserie Café&Bar | 12:00-17:00 | 12.50 AZN |
Romantique | 13:00-14:00 | 4 AZN |
Coffe Station Baku | 12:00-17:00 | 7 AZN |
Madison | 12:00-14:30 | 18 AZN |