Qısa da olsa, 7 il əvvələ qayıdaq. Çoxlarımızın sosial şəbəkələrlə yeni tanışlıq dövrü. Xüsusilə də feysbukun təzəcə məşhurlaşdığı zamanlar. Çox böyük şövqlə özünə profil açan minlərlə insandan yalnız bir neçəsi bu böyük şəbəkənin gələcəkdə maddi gəlir bazası olacağını əvvəlcədən görə bilib. Onlardan biri də bunu hələ 18 yaşında görməyi bacaran Zərəngiz (Zara) Hüseynova olub:
“Cəmi 200 dollar pulum var idi və onu da məktəb illərində yığmışdım. Anam nəsə almağa iki manat verəndə bir manatını xərcləyirdim, bir manatını isə kənara qoyurdum. Qısası, yığdığım pulla onlayn alış-veriş səhifəsi açmaq qərarına gəldim. Müştəridən 50 % beh alırdım, üstünü düzəldib paltar sifariş verirdim. Nə ofisimiz var idi, nə bir şey. Metro qabağında müştərilərlə görüşürdük, kafedə bir kofe sifariş verib otururduq. Hər saatda bir ofisant gəlirdi ki, “başqa nəsə istəmirsiz?” Sonra balaca bir ofis götürdük və yavaş-yavaş bu günlərə çatdıq”.
Deyir ki, o vaxt belə bir addım atanda hamı ideyasına gülüb, alınmayacağını deyiblər. Ancaq o, özünə inanıb və əzmi nəticəsində işini yüksəldərək şəhərin mərkəzində iki böyük-ikimərtəbəli butik sahibi olmağı bacarıb.
Bununla da yetinməyib, özünün qarşılaşdığı çətinliklərdən nəticə çıxararaq Azərbaycan qızı, qadını üçün stimul verəcək nəsə yaratmaq istəyib. Və beləliklə, 22 yaşında hazırda 20 mindən çox qadının üzv olduğu “Wowoman” qadın platformasını təsis edib.
Evlənib xaricdə yaşayan Zaranın indi 25 yaşı var. Çoxumuzun hələ həyata atıldığı bu yaşda o, sözün həqiqi mənasında, həm karyerasını, həm də ailəsini qurub.
“ALZA” butikləri və “Wowoman” qadın platformasının təsisçisi Zara Hüseynovanı uğura aparan yolunu isə öz dilindən oxuyaq:
“Neft Akademiyasını bitirmişəm. Elə həmin dövrdə də Massaçusest Universitetindən təqaüd almışam. Cəmi 4 nəfərə tam təqaüd verilirdi, onlardan biri də mən oldum. Daha sonra Stanford və Harvard universitetlərində konfranslarda iştirak etdim. Stanford universitetindəki konfransda keçmiş ABŞ prezidenti Obama, Mark Zukenberq, quql, yutub kimi böyük şirkətlərin yaradıcıları iştirak edirdi. Deyərdim ki, bu, mənim üçün əsas motivasiya mənbəyi oldu”.
- Uşaqlıqdan belə hədəfləriniz var idi?
- Valideynlərimin ikisi də hüquqşünasdır. Onların davamçısı olmağımı istəsələr də, razılaşmadım. Çünki həm çox çətin sahədir, həm də neqativ işlərlə məşğul olmaq məcburiyyətində olursan. Uşaqlıqdan istəmişəm ki, heç kimdən maddi asılılığım olmasın. Öz ayaqlarımın üstündə dura bilim.
18 yaşımda fikirləşdim ki, mən nə edə bilərəm? Kiminsə buyruğu altında işləməkdənsə, öz biznesimi qurmaq qərarına gəldim. 10 il ərzində professional olaraq bal rəqsləri ilə məşğul olduğum üçün o vaxt, libaslardan yaxşı başım çıxırdı.
Və beləliklə bu işlə məşğul olmağa başladım. Biz nədənsə, hər zaman nəyisə gözləyirik. Məktəbi bitirim, universiteti bitirim, işə gedim, ərə gedim və s. Ancaq fərqində deyilik ki, həyatımız da bununla birlikdə gedir. Həm oxuduğum sahə, menecmentlik də bu yöndə idi. Düzü, deyə bilmərəm universitetdən nəsə öyrənmişəm, hamısı təcrübə, qatıldığım konfrans və təlimlərin nəticəsidir.
Bizdə çox vaxt təhsil sistemini qınayırlar ki, heç nə öyrədilmədiyi üçün iş tapmaq da çətin olur. Deməli, insan öz üzərində işləyərsə, hər şeyə nail ola bilər.
Əlbəttə ki, insanlar nədənsə işləməyi yox, qınamağı çox sevir. Əvvəlcə özümüzdən soruşmalıyıq ki, mən neyləmişəm? Azərbaycanda hazırda böyük imkanlar var. İstədiyin hər şeyi edə bilərsən. Ancaq bu yol asan deyil və sən çox işləməlisən. Bizimkilər də işləməyi xoşlamır. Hər şey hazır olsun deyirlər.
- Həm təhsil, həm butik, həm də böyük bir qadın platforması. Yəqin ki, çətinlikləriniz çox olub. Heç yarıda saxlamağı düşünmüsüz?
- Çox olub. Məsələn, devalvasiya olanda böyük şirkətlər işlərini dayandırdı, işçi ixtisarları başladı. Sən də 22 yaşında oturub plan cızırsan ki, necə etsən, işçin çörəksiz qalmaz. Özü də necə alınıbsa, bizim qızlarımızın çoxu evin çörək ağacıdır. Komandayla yığışdıq birgə ağladıq, birgə plan qurduq və söz verdik ki, bu çətinlikdən də birlikdə çıxacağıq. Nəticədə nəinki bağlandıq, hətta daha da böyüdük.
- Cəmiyyətimizdə formalaşan bir düşüncə var ki, qız uşağı 20 yaşı adladısa, onun ən ümdə olan vəzifəsi ailə həyatı qurmaq olmalıdır. Əfsuslar olsun ki, çox xanım da ailə həyatı qurduqdan sonra karyerasını sonlandırır.
- Fikrimcə, övladın xoşbəxt olması üçün ilk növbədə ana xoşbəxt olmalıdır. Ana da xoşbəxt olması üçün öz potensialını, arzularını reallaşdırmalıdır. Elə qadın var ki, onun üçün xoşbəxtlik 5 uşaq anası olmaqdır, elə qadın var ki, dünyanın hansısa sosial problemi üzərində işləyir və belə xoşbəxt olur. İnsanlar öz qərarını verməyi bacarmalıdır. Bizdə hamı öz fikrini kiməsə yeritməyə çalışır.
Mənim üçün də ailə vacibdir, elə ona görə də evlənmişəm. Ancaq bununla da karyeramı sonlandıra bilmərəm. Sabah övladım mənə suallar verəndə, ona cavablarım olmalıdır.
- Bəs ailə həyatı ilə karyeranı birlikdə aparmaq nə dərəcədə asandır?
- Bizdə belə bir düşüncə var ki, ailə həyatı qurmusansa, hər şey sonlanmalıdır. Yəqin ki, burada vacib məqam düzgün insanı seçməkdir. Sən ona dəstək olursan, o da sənə olur. Evdə hər şeyi qadın etməli deyil. O qədər işləyən qadınlarımız var ki, evdə də hər işi özü görür. Ev, uşaq təkcə mənim deyil axı. Kişi kimi qadın da axşam yorğun gəlir.
- Bir qədər də “Wowoman” qadın platformasından danışaq. Onsuz da işiniz çox idi, belə bir öhdəlik götürməkdən qorxmadız?
- Həmişə fikirləşmişəm ki, bizneslə yanaşı daha nələrsə də etməliyəm. 50-60 il sonra həyatda olmaya bilərəm. Bəs həyata gəldimsə, nə etmişəm? Elə-belə yaşayıb, yeyib-içib getməməliyik axı. Biznesimi quranda çox çətinliklərim oldu, xüsusilə də, qız olduğum üçün. Ətrafımdakılar deyirdi, bu, qız işi deyil, boşuna eləmə. Odur ki, istədim başqa qızlara da kömək edim.
22 yaşım var idi, dəstək olacaq sponsor axtarırdım. Hamı “yox” dedi. Hələ üstülik “bu, Azərbaycana lazım deyil” söylədilər. Amma geri addım atmadım və könüllülər yığaraq hər şeyi özüm etdim. Artıq 3 il yarımdır ki, işləyirik və 25 mindən çox üzvümüz var. 7 mindən çox qadın isə treninqlərimizdə iştirak edib.
- Hazırda təhsil baxımından bəzi bölgələrimizdə vəziyyət heç də ürəkaçan deyil. Ucqar kəndlərə səfərlərimiz zamanı müşahidə etmişəm ki, qızların çoxu 7-8-ci sinifdən sonra dərsə göndərilmir. Bəs onların əli sizə çata bilirmi?
- Treninqlərimizdə iştirak üçün rayonlardan gələn xeyli sayda qızlar var. Məsələn Biləsuvardan bir xanım var idi. Yoldaşı onu döyürdü, iki uşaqla nə etsin bilmirdi. Feysbukda bizim paylaşımlarımızı izləyib, qərar verib ki, belə yaşamaq istəmir. Universitetə qəbul oldu, daha sonra iş tapdı və iki uşağını da gətirib Bakıda yaşayır. Bildiyimiz qədər, hazırda çox xoşbəxtdir. Bu kimi hekayələr çox olur.
Qızlarımızda özünə inam çox azdır. Ötən həftə təlimim zamanı qızlar mənə sual verdilər ki, axı, necə başqasının fikrini önəmsəməmək olar? Bax bu, ən böyük problemlərdən biridir. Əfsuslar olsun ki, biz tək ailəmizin yox, qohumlarımızın, qonşumuzun, hətta yoldan ötənin belə fikrini almağa, ona uyğunlaşmağa can atırıq. Hamıya qulaq asmaq olar, ancaq öz qərarını verə bilərsən.
Elə bil qızlarımıza vaxt qoyublar, yaşın ötür evlənməlisən. O da qarşısına çıxanla evlənir və nəticə olur boşanma. Hazırda ölkədə boşanmaların sayı xeyli artıb.
- Bilmirəm sizə deyilib ya yox, ancaq mən həmişə sosial şəbəkədə bu fərqi görmüşəm. Deməli, feysbukda qadınların üzv olduğu iki əsas qrup var. Biri sizinki – “Qızdan-qıza”, biri də məşhur “Xoşbəxt qadınlar aləmi”. Eyni ölkənin xanımları nədənsə sizdə sırf inkişafa, təhsilə meylli paylaşımlar edir, digərində xəyanət, cadu, qayınana və sairədən danışırlar. Bu, yönləndirməkdən asılı bir şeydir?
- Bəli, bu müqayisəni çox edirlər. Bizə də gündə N sayda paylaşım gəlir, ancaq redaktə edib qadınlar üçün lazım olanı təsdiq edirik. İnternet əsrində, qadın öz gələcəyini bacardığı qədər özü seçə bilər. İnsanın bir həyatı var və onu istədiyi kimi yaşamalıdır.