Dünən ABŞ-da ölkənin əmək bazarına dair proqnozların üzərində dərc olunan statistik məlumatların fonunda, dollar major valyutalar qarşısında bir qədər bahalaşaraq, öz mövqelərini möhkəmləndirib. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 104.18 bənd səviyyəsində qərarlaşıb.
Fevralın 3-də bitən həftə üzrə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 9 min nəfər azalaraq, 218 min nəfərə enib. Analitiklər gösrəricinin 220 min nəfər səviyyəsində dərc olunacağını proqnozlaşdırırdılar. Federal Ehtiyatlar Sistemi (FED) gələcək monetar siyasətini müəyyən etmək üçün əmək bazarına dair məlumatlara istinad etdiyi üçün, investorlar qeyd olunan statistik göstəricilərə diqqət yetirirlər.
Cümə günü səhər yapon yeni dollar qarşısında artıq üçüncü gündür ki, dəyər itirməyə davam edərək, ardıcıl altıncı həftədir ki, eniş tendensiyası nümayiş etdirir. Treyderlər Yaponiya Mərkəzi Bankının monetar siyasəti ilə bağlı gələcək addımlarını qiymətləndirməyə davam edirlər. Həmçinin bu gün səhər qızılın qiyməti 2032$ səviyyəsində sabit qalmaqda davam edir.
İnvestorlar bugün Almaniyada açıqlanacaq inflyasiya göstəricilərini diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə, yekun hesablamaya görə, yanvar ayında ölkədə inflyasiya illik ifadədə 3.7%-dən 2.9%-ə qədər azalıb, aylıq ifadədə isə 0.1%-dən 0.2%-ə qədər artıb.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.