Martın 6-da "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" mövzusunda keçirilən tədbirdə qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyasının xüsusiyyətləri, eləcə də kapital bazarına aid digər məsələlər müzakirə edilib.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarında maliyyələşmənin yollarından və mövcud təcrübədən danışıb, kapital bazarlarının inkişafının mövcud vəziyyəti, iqtisadiyyatın inkişaf perspektivində kollektiv investisiya mexanizmlərinin əhəmiyyəti və onun maliyyə bazarlarının inkişafının əhəmiyyətli olduğundan söz açıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov bildirib ki, son illər kapital bazarlarının inkişafı istiqamətində atılmış addımlar qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə üzrə geniş imkanlar yaradıb. O, ölkəmizdə aparılan dərin iqtisadi islahatların tərkib hissəsi kimi kapital bazarlarının inkişaf etdirilməsi, real sektorun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşmə təşəbbüslərinin artırılması, sərbəst vəsaitlərin iqtisadiyyatın real sektoruna cəlb edilməsi üzrə zəruri tədbirlərin yerinə yetirildiyini, habelə Strateji Yol xəritələri ilə yeni çağırışlara uyğun təkmilləşmə istiqamətlərinin müəyyən edilərək icrasına başlandığını bildirib. Bu istiqamətdə kapital bazarları vasitəsilə maliyyələşmənin təşviq edilməsi, listinqə çıxış imkanlarının genişləndirilməsi, xarici investorların yerli bazarlara cəlb edilməsi, həmçinin bu sahədə şəffaflığın artırılmasının əhəmiyyətini vurğulayıb. İbrahim Alışov "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin maliyyə bazarlarının inkişafına dair 2-ci strateji hədəfinin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verərək, bunun nəticələrindən biri kimi iqtisadiyyatın mühüm sektorlarından 5 şirkətin İPO edərək fond birjasında listinqə çıxmasının hədəfləndiyini bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar konfederasiyanın qarşısında çox böyük vəzifələr qoyur: "Biznes ictimaiyyəti Azərbaycanın uğurlarına özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir. ASK əlaqələrini gündən-günə genişləndirir. Ötən ay konfederasiya ilə Bakı Fond Birjası arasında imzalanan əməkdaşlıq haqqında saziş 2011-2020-ci illər üçün Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı dövlət proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır", - deyə Məmməd Musayev bildirib.
Qeyd olunub ki, xarici ölkələrin bir çoxunda olduğu kimi, fond bazarlarından maliyyələşmə məsələsi bizim üçün də aktual olmalıdır. Fond bazarından cəlb edilmiş vəsaitlərin daha sərfəli olması ölkəmizdə də müşahidə edilir. Bundan əlavə, Azərbaycanın intensiv iqtisadi inkişafının nəticəsi olaraq təsərrüfat subyektlərinin uzunmüddətli maliyyə vəsaitlərinə tələbi artmaqdadır. Bu baxımdan fond bazarının rolu daha da yüksəlir.
Məmməd Musayev vurğulayıb ki, maliyyə təsisatlarının və kapital bazarlarının tənzimlənməsi istiqamətində Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının təkliflərini reallaşdırmaq üçün təşəbbüslər davam etməlidir. Şəffaf və effektiv bazarların təmin edilməsi məqsədilə qiymətli kağızlar bazarına dair qanunvericilik bazası təkmilləşdirilməli, bazar iştirakçılarının hesabatlılıq sistemi inkişaf etdirilməlidir. M.Musayev şirkətləri Listinq Məsləhət Proqramında iştiraka dəvət edərək, bildirib ki, bu proqram onlara yeni perspektivlər və imkanlar yaradacaq.
Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov "Kapital bazarları vasitəsilə maliyyələşmə", Bakı Fond Birjasının idarə heyətinin sədri Vüqar Namazov "Listinq Məsləhət Proqramı" , Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının sədri Ceyhun İbrahimov "Kapital bazarlarında investisiyalar", SOCAR-ın maliyyə bazarları üzrə məsləhətçisi Tolqa Kotan "Kapital bazarlarının inkişafında xarici investora ehtiyac varmı?" mövzusunda təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra şirkətlərin kapital ehtiyacı və mövcud maliyyələşmə mənbələri, Bakı Fond Birjasında listinqin üstünlükləri və Listinq Məsləhət Proqramına qoşulma, şirkətlər tərəfindən investisiya qiymətli kağızlarına investisiyalar mövzuları ətrafında müzakirələr aparılıb.
Tədbir ASK və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkilatçılığı ilə baş tutub