ABŞ-da çərşənbə axşamı açıqlanan “Conference Board” istehlakçı inam indeksinin inflyasiya ilə bağlı artan narahatlıqlar səbəbiylə iyun ayında mənfi zona olan 98.7 punkta qədər geriləməsi fonunda FED-in iyul toplantısında faiz dərəcələrinin növbəti dəfə 0.75% artırılacağı ehtimalları daha da qüvvətlənib.
Nəticədə dollar dünya birjalarında aparıcı valyutalar qarşısında yenidən bahalaşır. Təhlillərə əsasən avro dollar qarşısında 1.04$, funt isə 1.20$ hədlərinə qədər ucuzlaşa bilər.
Bu gün Bakı vaxtı ilə 16:30-da Amerikada iqtisadi inkişaf səviyyəsinə dair statistik göstəricilər, həmçinin saat 17:00-da FED sədri J.Pavelin, AMB sədri K.Laqardın və İngiltərə Mərkəzi Bankının sədri E.Beylinin çıxışları investorların diqqət mərkəzində olacaqdır.
Dolların bahalaşması fonunda ucuzlaşan qızılın bir unsiya üzrə dəyəri bu 1817.50$-ın altına düşərsə, 1805$-a kimi ucuzlaşa bilər.
Məlumat Azərbaycanın InvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.