Qazaxıstanın "Avrasiya" Bankı Azərbaycan bazarına çıxmağa maraq göstərir.
Fed.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində bankın İdarə heyətinin sədri Pavel Loginov deyib.
P.Loginovun sözlərinə görə, eyni zamanda, bank üçün hazırda prioritet Qazaxıstan bazarında inkişaf və sağlamlaşdırma proqramı çərçivəsində şərtlərin tezliklə icra olunmasıdır:
"Ötən il biz yeni inkişaf strategiyası qəbul etdik və əsas diqqəti pərakəndə biznesə yönəltdik. Biz bu istiqamətin inkişafında böyük potensial görürük, ona görə də ölkə daxilində yeni modeli işə salmaq istəyirik. Bundan sonra yeni bazarları fəth etməyə yönələ bilərik".
O qeyd edib ki, xarici ölkələr arasında bank ciddi şəkildə Özbəkistan bazarını və bu bazara daxil olmaq üçün biznes modelini öyrənir:
"Daha sonra biz Qırğızıstan və Azərbaycan bazarlarına çıxış imkanlarını öyrənəcəyik. Biz bu bazarlara çıxış planlarından imtina etməmişik. Böyük diqqətlə bu bazarları izləyirik və bu regionlarda inkişaf imkanlarını öyrəndikdən sonra həmin bazarlara çıxmağı planlaşdırırıq".